525.az
525-ci qəzet — 1992-ci ildən etibarən Azərbaycan Respublikasında nəşr edilən qəzet."525-ci qəzet" Bakı Mətbuat Klubunun həmtəsisçisi, Azərbaycan Mətbuat Şurasının üzvüdür.
"525-ci qəzet"in ilk sayı 1992-ci il noyabrın 17-də — Milli Dirçəliş Günü nəşr olunub. Nəşrə həftəlik qəzet kimi başlayan "525-ci qəzet" 1996-cı ildən həftədə iki dəfə, 1999-cu ildən gündəlik mətbu orqan kimi fəaliyyət göstərir. Qəzet həftədə 5 dəfə — çərşənbə axşamı, cümə axşamı və cümə günləri A3 formatında 16, çərşənbə və şənbə günləri isə A3 formatında 24 səhifə işıq üzü görür. Qəzetin səhifələrində əsasən ölkədə və dünyada baş verən ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni hadisələrlə bağlı xəbərlər, idman, ədəbi-bədii mövzularda yazılar, şərh və analitik materiallar, müxtəlif ədəbi nəsilləri təmsil edən Azərbaycan şair və yazıçılarının, ədəbiyyat və elm adamlarının əsərlərindən nümunələr dərc olunur. Azərbaycan ziyalıları, ictimai-siyasi, elm, mədəniyyət və incəsənət xadimləri, o cümlədən, Xalq yazıçıları — Anar, Elçin, Kamal Abdulla, Afaq Məsud, Elmira Axundova, Xalq şairləri — Fikrət Qoca, Nəriman Həsənzadə, Ramiz Rövşən, Musa Yaqub, Sabir Rüstəmxanlı, tanınmış şair və yazıçılar — Vaqif Bayatlı Odər, Vaqif Bəhmənli, Seyran Səxavət, Aqil Abbas, Əli Əmirli, akademiklər — İsa Həbibbəyli, Rafael Hüseynov, Nizami Cəfərov, Teymur Kərimli, Muxtar İmanov, AMEA-nın müxbir üzvləri — Misir Mərdanov, Könül Bünyadzadə, Tehran Əlişanoğlu, elmlər doktorları — Vilayət Quliyev, Solmaz Rüstəmova-Tohidi, Aida Qasımova, Cahangir Məmmədli, Qəzənfər Paşayev, Nəsir Əhmədli, Qulu Məhərrəmli müntəzəm olaraq qəzetin səhifələrində öz yazıları, bədii əsərləri və məqalələri ilə çıxış edirlər. Azərbaycan Xalq Cümhuriyyəti dövrünün tədqiqatçısı, alim, mərhum professor Şirməmməd Hüseynov təxminən 20 il ərzində Azərbaycan tarixi üçün əhəmiyətə malik araşdırma yazılarını müntəzəm olaraq məhz "525-ci qəzet"də dərc etdirirdi. Müxtəlif illərdə onun təşəbbüsü ilə qəzetin səhifələrində Azərbaycan mətbuatının klassik nümunələrindən — "İrşad", "Həyat", "Azərbaycan" qəzetlərindən seçmələr də yer alırdı. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ərəfəsində "Azərbaycan" qəzetinin Cümhuriyyətin yaranmasının bir illiyinə həsr olunmuş sayı da bu nümunələrdən biri kimi "525-ci qəzet"in içərisində ayrıca qəzet kimi çap edilmişdi.
Yarandığı gündən yaradıcı, istedadlı gənclər üçün meydan olacağını vəd edən "525-ci qəzet" fəaliyyət göstərdiyi dövr ərzində bu vədinə sadiq qalaraq həmişə istedadlı qələm adamlarının yetişmələri, ilk qələm təcrübələrini qəzet səhifələrində dərc etdirmələri üçün maksimum imkan yaratmağa çalışıb.